Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq

ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq

14 sentyabr 2026, Bazar ertəsi
1
0
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
 
ABŞ konqresmeni Abraham Hamade deyib ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi çoxlarının gözlədiyindən daha sürətlə irəliləyir. O, yekun sülh sazişinin prezident Donald Trampın indiki prezidentlik müddəti başa çatmazdan xeyli əvvəl yekunlaşa biləcəyini vurğulayıb. Arizona ştatından respublikaçı konqresmen Hamade iyunda Azərbaycana, avqustda isə Ermənistana səfər edərək hər iki ölkənin rəhbərləri ilə görüşüb.
 
O, “Azadlıq” radiosuna müsahibəsində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) iqtisadi layihədən daha böyük təşəbbüs kimi qiymətləndirib. Konqresmen layihənin gecikdiriləcəyinə heç bir səbəb görmədiyini deyir. O, TRIPP-in sadəcə iqtisadi layihə olmadığını, ölkələri diplomatik, siyasi və iqtisadi baxımdan daha sıx birləşdirərək münasibətlərini möhkəmləndirəcəyini bildirir: "Rusiyanın Cənubi Qafqazdakı təsiri azalır və bu, ABŞ üçün böyük üstünlükdür. İran tamamilə zəiflədilib və hazırda diqqəti başqa məsələlərə yönəlib. Gürcüstan, Ermənistan və Azərbaycandan ibarət Qafqaz bölgəsi Türkiyənin də köməyi ilə böyük potensiala malikdir. Bu bölgə Asiya, xüsusilə də əhəmiyyəti yetərincə qiymətləndirilməyən Orta Asiya ilə Avropa arasında körpüyə çevrilə bilər. Marşrut Orta Asiyanı Xəzər dənizi və TRIPP vasitəsilə Qafqaza, daha sonra Türkiyə və Avropaya bağlaya bilər”.
 
Ermənistanla Azərbaycan arasında sülh sazişinin prezident Trampın səlahiyyət müddəti başa çatmazdan əvvəl tam yekunlaşacağı gözlənilirmi? Sülh sazişi və digər anlaşmalarla bağlı analitiklərimiz nə düşünür?
Deputat Aydın Mirzəzadə Musavat.com-a bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas işlər görülüb: “Azərbaycan ərazi bütövlüyünü təmin edib, Ermənistanla şərti dövlət sərhədimizə çıxmışıq və Ermənistanla beynəlxalq hüquqa uyğun olaraq normal qonşuluq münasibətləri qurmaq istədiyimizi bildirmişik. Uzun müddət aparılan danışıqlardan sonra ötən il Vaşinqtonda sülh müqaviləsinin paraflanması onu deməyə əsas verir ki, hər iki tərəf sülhə yaxındır”.
 
Milli Məclisin üzvü xatırlatdı ki, burada çox şey Ermənistanın hansı addımları atacağından asılıdır: “Azərbaycan beynəlxalq hüquqa əsas götürərək sülh şərtlərini qəbul edir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası müddəası var və həmin müddəa qüvvədə qaldıqca artıq paraflanmış müqaviləni imzalamaq mümkün olmayacaq. Ermənistanda gedən daxili siyasi proseslər həmin müddəanın Konstitusiyadan çıxarılmasına səbəb olacaqsa, Azərbaycan dərhal müqaviləni imzalamağa və iki qonşu dövlət arasında hansı münasibətlər toplusunun qurulması mümkündürsə, bunu həyata keçirməyə hazırdır. Onun imzalanma tarixi ilə bağlı Qərbin nüfuzlu şəxslərinin bəyanatlar verməsi onu göstərir ki, bu gün regiondakı vəziyyət böyük dövlətlərin diqqət mərkəzindədir. Bu, sadəcə olaraq, iki dövlət arasında artıq başa çatmış münaqişə məsələsi deyil. Bu, Şərqlə Qərb arasında bir körpü rolunu oynayan regiondur. Bir çox logistik xətlər buradan keçir. Dünyanın qaynar bölgələri məhz Cənubi Qafqazın əhatəsində yerləşir”.
 
Aydın Mirzəzadə xüsusilə vurğuladı ki, Azərbaycanın bu gün beynəlxalq aləmdə siyasi nüfuzu kifayət qədər artıb: “Bu baxımdan, dünya regionda sülhün bərqərar olmasını çox arzulayır. Nəzərə alsaq ki, eyni zamanda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib, bu, xüsusilə böyük əhəmiyyət daşıyır. Çox təqdirəlayiqdir ki, ABŞ lideri Donald Tramp Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslə çıxış edib və oradan keçən yolların ABŞ şirkətlərindən birinə icarəyə verilməsi ilə bölgədə gərginliyin əsas faktorlarından biri aradan qalxmış olur. Ermənistanda da son dövrlərdə sülh prosesinə, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına marağın artdığı görünür. Son parlament seçkilərində Paşinyanın partiyasına daha çox səs verilməsi onu göstərir ki, bu gün sadə Ermənistan vətəndaşı Azərbaycanla sülhün ilk növbədə Ermənistanın özünə, onun ailəsinə və gələcəyinə lazım olduğunun fərqindədir. Azərbaycanla normal qonşuluq münasibətləri Ermənistan üçün iş yerləri, uzunmüddətli sülh və özünü saldığı blokadadan çıxmaq deməkdir. Tramp marşrutu təkcə Ermənistan və Azərbaycan üçün əhəmiyyət daşımır. Bu marşrut iqtisadi layihədən daha çox, bu gün dünyanın bir bölgəsində uzunmüddətli sülhün əsasını qoyan mühüm faktor kimi qiymətləndirilə bilər. Azərbaycan və Ermənistan ərazisindən, Naxçıvandan keçən xəttin Türkiyəyə, oradan isə Avropaya uzanması Yaxın Şərq ölkələrindən şərqdən gələn yüklərin daşınmasına və insanların daha qısa zamanda təyinat yerinə çatdırılmasına imkan verəcək”.
 
Deputat qeyd etdi ki, bu gün Orta Dəhliz adlanan yoldan başqa, Şimal və Cənub dəhlizləri də var: “Amma onların hər biri artıq gərginliyin mövcud olduğu bölgələrdən keçir. Bu isə dünya iqtisadiyyatına, ticarətinə və dünyanın ayrı-ayrı bölgələri arasında əlaqələrin yaranmasına maneədir. Orta Dəhliz isə bütün bu konfliktlərdən uzaqdır. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və Zəngəzur dəhlizi layihəsini irəli sürməsi dünya üçün artıq stabil və təhlükəsiz bir dəhlizin mövcudluğuna böyük zəmanət verir. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasətin, dövlətçilik prinsiplərinin, eləcə də regionda əməkdaşlıq və qarşılıqlı dostluq münasibətlərinin yaradılmasına yönəlmiş siyasətin nəticəsində meydana çıxmış reallıqdır. Gedən proseslər onu göstərir ki, Azərbaycan Prezidentinin apardığı siyasət düzgündür. Bu siyasət təkcə Azərbaycanın deyil, bölgənin deyil, ümumiyyətlə, dünyanın maraqlarına xidmət edir. Yaxın gələcəkdə bu reallığın Orta Dəhlizin daha səmərəli və davamlı fəaliyyət göstərməsi üçün əsas amillərdən biri olduğu bir daha öz təsdiqini tapacaq”.
 
Hüquqşünas Sahib Məmmədov da hesab edir ki, istək və arzu olsa, TRİPP marşrutunda işləri qısa müddətdə yekunlaşdırmaq texniki baxımdan mümkündür: “Tikinti işlərinə 2027-ci ilin əvvəlində başlanarsa, sürətlə davam edərsə, əlbəttə, 42–43 km-lik bir məsafədə işləri başa çatdırmaq olar. Ancaq məncə, burada problem texniki məsələlər, yaxud maliyyə ilə bağlı deyil. Bu, siyasi məsələdir və Ermənistandan asılıdır. Öözü də yalnız Ermənistandan da yox. Amma Ermənistan istəsə, iradə göstərsə, bəli, reallaşa bilər”.
Sahib Məmmədov bu mövzuda dəfələrlə fikirlərini açıqladığını xatırlatdı və bildirdi ki, o qədər də optimist deyil: “Paşinyan manevr etməklə məşğuldur. Və ümumiyyətlə, nə Zəngəzur dəhlizinin, nə də digər həlli vacib olan məsələlərin - sərhədlərin demarkasiyası, sərhədlərdən üçüncü qüvvələrin götürülməsi, o cümlədən Avropa missiyasının götürülməsi – istiqamətində tələsir. Konstitusiya dəyişikliyi ilə bağlı da tələskənlik nümayiş etdirmir və ona görə də bir qədər pessimistəm. Amma bir daha qeyd edirəm, məsələn, bu, mühəndislik nöqteyi-nəzərindən, bəli, plan hazırdırsa, dərhal tikintiyə başlayıb onu qısa müddətdə başa çatdırmaq olar. Necə ki, Azərbaycan özünə aid istənilən, operativ sürətdə, deyirlər ki, bütün işləri başa çatdırıb”.
Şərh yaz
Şərhlər (0)