Deputatdan təklif: Qanunvericilikdən "arvad" sözünü çıxaraq

"Bu gün müzakirəmizə təqdim olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə illik məlumatı ölkəmizdə dövlət ailə siyasətinin formalaşdırılması, gender bərabərliyinin təmin edilməsi və uşaq hüquqlarının müdafiəsi istiqamətində ötən il reallaşdırılan islahatların mükəmməl bir yol xəritəsidir.
"Gender bərabərliyinin təminatları haqqında" Qanunun 20-ci maddəsinə uyğun olaraq hazırlanan bu sənəd sadəcə bir hesabat deyil, həm də dinamik inkişafın, qanunvericilik və institusional mexanizmlərin təkmilləşdirilməsinin bariz göstəricisidir”.
Bunu parlamentin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, bu hesabatı əvvəlki illərdən fərqləndirən mühüm sosial və hüquqi yeniliklərin olması, ali təhsil müəssisələrində gender məsələləri ilə bağlı tədris olunan fənlərin təhlili, qohum nikahların regionlar üzrə bölgüsü, erkən evliliyin risk xəritəsinin formalaşdırılması, mediada cinsi ayrı-seçkiliyi təbliğ edən və ailə institutunu nüfuzdan salan informasiyaların qarşısının alınması məqsədilə aparılmış monitorinqi, aidiyyəti məhkəmə işlərinin icmalı, yetkinlik yaşına çatmayanlar arasında intihar hallarının səbəbləri, sosial-iqtisadi amillərin ailə institutuna təsiri və yeniyetmələrin hüquqi düşüncəsinin tədqiqi kimi ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən yeni məsələlərin daxil edilməsi təqdirəlayiqdir:
“Çünki məhz belə araşdırmaların nəticələri gələcək qanunvericilik təşəbbüslərimiz üçün zəngin baza rolunu oynaya bilər və təbii ki, bu yanaşmaları yalnız alqışlamaq olar.Konkret təkliflərə gəldikdə, biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq.
Bilirsiniz, ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir.
Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar.
İkinci vacib məqam, dəfələrlə qeyd etmişik, bir daha vurğulamaq istəyirəm, gender məsələlərindən danışarkən xüsusi ehtiyatlı davranmalıyıq.
Azərbaycan cəmiyyətində kişi və qadın institutları tam mənada oturuşub, "həyat yoldaşı" anlayışı formatında həm kişinin, həm qadının ailədə rolu çox aydın formada müəyyən edilib.
Bizim bütün fəaliyyətimiz özünü doğrultmuş milli ailə institutunun qorunmasına yönəlməlidir və Azərbaycanın ailə dəyərlərini əlahiddə “kişiləşmiş qadın” obrazı, yaxud milli kimlikdən tam mənada uzaq salınmış “kişi” obrazı ilə zənginləşdirməyə ehtiyac yoxdur.
Biz məsələyə reallıq pəncərəsindən baxmalıyıq. Çünki, bu gün Qərbin bəzi dairələri, onların diktəsi ilə hərəkət edən beynəlxalq şəbəkələr və daxildəki marginal, populist ünsürlər "gender bərabərliyi" şüarı altında bizim milli-mənəvi dəyərlərimizə, ailə institutumuza qarşı mənəvi terror həyata keçirməkdədirlər.
Bu gün, çox təəssüflər olsun ki, bərabərlik adı altında bizim cəmiyyətə yad, əxlaqi aşınmaya xidmət edən ssenariləri sırımaqdadırlar. Amma baxın, qadının üstünlüyündən danışanlar, özlərinə sərf etməyəndə, heç gözlərini də qırpmadan hər hansı bir qadını sosial media qaragüruhunun linç obyektinə çevirə bilirlər.
Bu mənada, hansısa konvensiyanın, hesabatın, hansısa ideologiyanın yanaşması bizim üçün etalon ola bilməz. Ümumiyyətlə, Azərbaycan qadın-gender siyasətində heç bir xüsusi kənar təcrübəyə istinada ehtiyac duymur.
Azərbaycanda qadına və ailəyə verilən ali dəyəri öyrənmək üçün o korlanmış hesabatlara yox, bizim çoxəsrlik dövlətçilik tariximizə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən, dünyaya nümunə olan humanizm və qadın cəmiyyətdə və dövlət idarəçiliyində rol modelinə baxmaq kifayətdir.
Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının qorunması məsələsi dövlət siyasətinin nüvəsini təşkil edir və bu siyasətin təməlində Ulu Öndər Heydər Əliyevin ideyaları və möhtərəm Prezidentimizin ali siyasi iradəsi dayanır”.
Deputat sonda bir daha hesabatı dəstəklədiyimi bildirib:
“O qənaətdəyəm ki, müzakirəmizə təqdim olunan hesabat sadəcə formal bir sənəd deyil, Azərbaycanda bərqərar olunmuş hüquqi dövlət quruculuğunun və sosial ədalət prinsiplərinin növbəti təzahürüdür”.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
02 mart 2026, Bazar ertəsi
Səttar Möhbalıyev: "8 Mart Azərbaycan qadınının şərəf və ləyaqət salnaməsidir"
Şərhlər (0)



