Eltun Süleymanov: "Azərbaycan öz coğrafi mövqeyini yalnız xəritədəki məkan kimi deyil, böyük mənəvi və siyasi körpü kimi dəyərləndirir"

Bakıda keçirilən hər bir beynəlxalq tədbir artıq yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının, Qafqazın və İslam aləminin diqqət mərkəzinə çevrilən hadisə təsiri bağışlayır. Sentyabrın 15-də cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Təşkilatın Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi də məhz belə mühüm hadisələrdəndir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz onu da deyib ki, cənab Prezidentin görüşdə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan öz coğrafi mövqeyini yalnız xəritədəki məkan kimi deyil, müxtəlif dünyaları bir araya gətirən böyük mənəvi və siyasi körpü kimi dəyərləndirir. Bu baxımdan Bakıda eyni günlərdə iki mühüm tədbirin keçirilməsi xüsusi məna daşıyırdı. Bir tərəfdə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, digər tərəfdə isə XV əsrin böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu iki tədbirin eyni vaxtda keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan öz böyük şəxsiyyətlərinin yaratdığı zəngin mənəvi irsi yalnız milli sərvət kimi deyil, İslam dünyasının ümumi mədəni xəzinəsinin mühüm hissəsi kimi qəbul edir. Nizami Gəncəvidən Xaqani Şirvaniyə, Nəsimidən Yəhya Bakuviyə, Şah İsmayıl Xətaidən Məhəmməd Füzuliyə uzanan böyük ədəbi-fəlsəfi irs bunun parlaq sübutudur. Bu mənzərədə Azərbaycan öz tarixi kimliyinin müxtəlif qatlarını bir araya gətirən ölkə kimi görünür.
Azərbaycan həm Türk dünyasının ayrılmaz parçasıdır, həm Qafqaz ölkəsidir, həm də İslam dünyasının fəal üzvüdür. Cənab Prezidentin çıxışında Qafqaz Albaniyası və Atabəylər dövlətinin tarixi ilə bağlı xatırlatmaları da məhz bu tarixi-coğrafi bütövlüyə diqqət çəkirdi. Türk dünyası ilə Qafqazın tarix boyu bir-birindən ayrı deyil, qarşılıqlı əlaqədə olan məkanlar olması Azərbaycanın bugünkü mövqeyinə xüsusi tarixi məzmun verir. Bu gün həmin tarixi bağlılıq artıq yeni siyasi və diplomatik məzmun qazanır. Cənab Prezident İlham Əliyevin görüşdə vurğuladığı mühüm məqamlardan biri də dini liderlərin sözünün sülh və əmin-amanlığın təmin olunmasında oynadığı roldur. Əgər milyonlarla insanın etimad göstərdiyi dini liderlərin çağırışları sülhə, əməkdaşlığa, barışığa və qarşılıqlı hörmətə istiqamətlənirsə, bu, bütöv regionların ictimai-mənəvi atmosferinə təsir göstərir. Deməli, dini həmrəylik yalnız mənəvi anlayış deyil, eyni zamanda sülhün və qarşılıqlı anlaşmanın mühüm dayağıdır. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti də konkret addımlarla müşayiət olunur. Cənab Prezident İlham Əliyev çıxışında İslam Əməkdaşlıq Təşkilatı və ICESCO xətti ilə keçirilən tədbirləri, 2017-ci ildə Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarını xatırlatdı. Azərbaycan həmin Oyunlara yalnız idman yarışı kimi deyil, böyük birlik bayramı kimi yanaşmışdı. Bu yanaşmanın mahiyyəti indi daha aydın görünür.
Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyi də ölkəmizin İslam dünyasında artan nüfuzunun göstəricilərindən biridir. Cənab Prezidentin fikrincə, belə bir mühüm tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin təmsil olunduğu beynəlxalq təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən mövqeyinin məntiqi nəticəsidir. Bu gün dünyanın müxtəlif bölgələrində qarşıdurmaların, fikir ayrılıqlarının və siyasi gərginliklərin artdığı bir zamanda Bakının mesajı xüsusilə əhəmiyyətlidir: ayrılıq yox, birlik; qarşıdurma yox, əməkdaşlıq; düşmənçilik yox, sülh. Cənab Prezident İlham Əliyevin “müsəlman aləmi vahid bir ailə kimi birləşsin” fikri də məhz bu siyasi-mənəvi fəlsəfənin ifadəsidir. Azərbaycan İslam həmrəyliyini şüarlarla deyil, əməli addımlarla möhkəmləndirməyə çalışır. Ona görə də Bakıda keçirilən bu görüşlərə yalnız diplomatik protokol çərçivəsində baxmaq doğru olmaz. Burada daha böyük bir siyasi-mənəvi məna var. Azərbaycan öz tarixindən gələn zəngin irsi, bu günü müəyyən edən dövlətçilik gücü və gələcəyə yönəlmiş sülh çağırışları ilə Türk dünyası ilə İslam aləmi arasında yeni mənəvi körpülər qurur. Bakının bu mövqeyi artıq Azərbaycanın beynəlxalq siyasətinin mühüm xüsusiyyətlərindən birinə çevrilib. Və bu gün Bakıda səslənən birlik çağırışlarının təsiri yalnız bu şəhərin sərhədləri ilə məhdudlaşmır. Bu çağırış Türk dünyasına, Qafqaza, İslam aləminə və bütövlükdə dünyaya çatır. Çünki sülhün dili sərhəd tanımır. Birliyin mesajı isə nə qədər güclü səslənərsə, sabahın dünyası bir o qədər təhlükəsiz olar-deyə E. Süleymanov fikrini tamamlayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
16 may 2026, Şənbə
Eltun Süleymanov : "Türküstandan dünyaya verilən mesaj və Türk dövlətləri yeni tarixi mərhələdə"
25 iyun 2026, Cümə axşamı
Eltun Süleymanov: "Bakıdan səslənən çağırışlar İslam dünyasının gələcəyinə ünvanlanan mühüm mesaj kimi dəyərləndirilir"
31 avqust 2026, Bazar ertəsi
Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - TƏHLİL
Şərhlər (0)

