Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək

05 noyabr 2025, Çərşənbə
2
0
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək
 
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
 
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
 
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
 
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska Bakıda oyunla bağlı deyib: "Qarabağ" yaxşı komandadır. Onlar "Benfika"nı (3:2) və "Kopenhagen"i (2:0) məğlub ediblər. "Atletik"lə oyunda da hesabda öndə olsalar da, sonda uduzdular (1:3). Şübhəsiz ki, bizə qarşı da çətin olacaq".
 
Mareska “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzunmüddətli fəaliyyətini də yüksək qiymətləndirib:
 
“Belə bir şeyi indiyədək görməmişəm. Bu, inanılmazdır. Bir klubda 17 il – bu sadəcə heyrətamizdir. Komanda çox güclüdür. Ev oyunlarında çox intensiv oynayırlar. Bu, çətin qarşılaşma olacaq”.
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə bildirib ki, komandası "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir:
 
"Bizi maraqlı oyun gözləyir. Güclü komandaya qarşı oynayacağıq. Böyük klubları, yaxşı futbolçuları Bakıda görmək azarkeşlər üçün stimuldur. Oyunçularıma inanıram".
 
Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.
 
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Atlılar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.
Şərh yaz
Şərhlər (0)