Epşteyn qalmaqalı Avropaya çatdı – Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan Yaqlandın evində axtarış
ABŞ-da illərdir davam edən və qlobal siyasi elitanı silkələyən “Epşteyn işi” artıq Avropanın yüksək siyasi dairələrinə də çatıb.
Avropa Şurasının sabiq baş katibi, Norveçin keçmiş baş naziri Torbyorn Yaqlandın evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Araşdırma onun maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələri və əldə etdiyi ehtimal olunan imtiyazlar çərçivəsində başlanıb.
Məlumata görə, istintaq Epşteynlə bağlı açıqlanan yeni sənədlərdən sonra aktiv fazaya keçib. Norveç hüquq-mühafizə orqanları Yaqlandın müxtəlif dövrlərdə səfərlər, maliyyə üstünlükləri və digər əlaqələr vasitəsilə bu şəbəkə ilə bağlı olub-olmadığını araşdırır. Bunun üçün onun toxunulmazlığı da aradan qaldırılıb və istintaqa hüquqi maneələr götürülüb. İş çərçivəsində bir sıra digər siyasətçi və diplomatların əlaqələri də yoxlanılır və qalmaqalın genişlənəcəyi istisna edilmir.
Yaqland postsovet məkanında, xüsusilə Azərbaycana münasibətdə sərt və daim neqativ xətti ilə yadda qalan fiqurlardan biri olub. Onun rəhbərliyi dövründə Avropa Şurası platformasında Azərbaycan hakimiyyəti ilə vətəndaş cəmiyyəti arasında mövcud dialoq mexanizmlərinin zəiflədilməsi istiqamətində addımlar atıldığı, məhbus məsələləri üzrə işçi qrupun fəaliyyətinin faktiki dayanmasına səbəb olan qərarların qəbul edildiyi barədə o dövrdə də ciddi müzakirələr aparılmışdı. Avropa Şurasını təmsil edən nümayəndənin geri çağırılması ilə həmin dialoq platforması dağıldı və münasibətlərdə gərgin mərhələ başladı.
İndi isə həmin şəxsin adının beynəlxalq korrupsiya və Epşteyn qalmaqalında hallanması Avropa institutlarının obyektivliyi və siyasi qərarların motivləri barədə yeni suallar doğurur. Analitiklər qeyd edirlər ki, bu hadisə Qərb institutlarının uzun illər region ölkələrinə tətbiq etdiyi siyasi təzyiq alətlərinin arxa planını yenidən gündəmə gətirir və bəzi qərarların prinsipial mövqedən çox siyasi təsir mexanizmləri ilə bağlı olduğu ehtimalını gücləndirir.
Araşdırma davam edir və Norveç prokurorluğu əlavə faktların ortaya çıxacağını istisna etmir. Beləliklə, vaxtilə regiona dair sərt siyasi mövqeləri ilə tanınan bir Avropa siyasətçisinin qlobal kriminal maliyyə şəbəkəsi ilə əlaqələrinin araşdırılması Avropa siyasi sistemində ciddi reputasiya sarsıntısı yaradıb və onun keçmiş fəaliyyəti, o cümlədən Azərbaycana münasibətdə tutduğu xətt yenidən müzakirə predmetinə çevrilib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
17 noyabr 2025, Bazar ertəsi
Vaşinqtonda Epşteyn "zəlzələsi" - Tramp 20 min sənədin açılmasına qərar verdi
12 fevral 2026, Cümə axşamı
Bu necə işdir: Prokurorluq Epşteynin intiharından bir gün əvvəl onun ölümünü elan edib
Şərhlər (0)


