Telefon:
+994 55 670 70 88
Xəbərçi » Aqiyə Naxçıvanlı: “Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdə Ağsaqqallar Şurasının rolu aydın görünür”

Aqiyə Naxçıvanlı: “Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdə Ağsaqqallar Şurasının rolu aydın görünür”

24 aprel 2026, Cümə
1
0
Aqiyə Naxçıvanlı: “Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdə Ağsaqqallar Şurasının rolu aydın görünür”
 
“Bakıda keçirilən Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı təkcə bir ictimai təşkilatın hesabat-toplantısı kimi deyil, milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və ictimai həmrəyliyin növbəti təsdiqi kimi dəyərləndirilə bilər. Qurultay iştirakçılarına ünvanladığı müraciətdə Prezident İlham Əliyevin verdiyi mesajlar da göstərdi ki, ağsaqqallıq institutu Azərbaycan cəmiyyətində sadəcə mənəvi institut deyil, həm də ictimai sabitliyin, milli kimliyin və nəsillərarası varisliyin mühüm dayaqlarından biri kimi qəbul olunur. Dövlət başçısının müraciətində ağsaqqallıq ənənəsinin tarixi köklərinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Azərbaycanın minilliklərə söykənən mənəvi irsində ağsaqqal sözü həmişə müdriklik, ədalət və məsuliyyət anlayışları ilə assosiasiya olunub. Bu ənənənin müasir dövrdə də canlı saxlanılması, onu ictimai institut səviyyəsinə yüksəldən əsas amillərdəndir. Prezident İlham Əliyevin bu institutu milli irsin mühüm dayaqlarından biri kimi səciyyələndirməsi, əslində, ağsaqqallığın yalnız keçmişin yadigarı deyil, bu günün və gələcəyin də mühüm ictimai dayağı olduğunu təsdiqləyir.”
 
Bu sözləri aia.az-a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı deyib.
 
Fikirlərini davam etdirən professor A.Naxçıvanlı qeyd edib ki, qurultayın əhəmiyyətini artıran əsas məqamlardan biri də dövlət başçısının Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətinə verdiyi yüksək qiymətdir: “Müraciətdə təşkilatın ictimai-siyasi və humanitar inkişafda, aktual məsələlərin həllində, xüsusən gənc nəslin tərbiyəsində rolunun ayrıca vurğulanması Ağsaqqallar Şurasının dövlət tərəfindən etibarlı ictimai tərəfdaş kimi qəbul edildiyini göstərir. Bu yanaşma təsdiqləyir ki, Şura formal ictimai qurum deyil, ölkə həyatının mühüm proseslərində fəal iştirak edən nüfuzlu təsisatdır. Xüsusilə son illər Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdə Ağsaqqallar Şurasının rolu daha aydın görünür. Bölgələrdə aparılan maarifləndirici fəaliyyət, ailə institutunun möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verən təşəbbüslər göstərir ki, ağsaqqalların fəaliyyəti təkcə nəsihət və mənəvi tövsiyə ilə məhdudlaşmır. Bu fəaliyyət ictimai proseslərə real təsir göstərən mühüm sosial missiya daşıyır. Cənab Prezidentin bu xidmətləri yüksək dəyərləndirməsi həm də bu missiyanın dövlət səviyyəsində təqdir olunmasının göstəricisidir. Müraciətdə Vətən müharibəsində qazanılmış Zəfərlə ağsaqqallıq institutunun mənəvi təsiri arasında qurulan məntiqi əlaqə də xüsusi diqqətə layiqdir. Bu yanaşma göstərir ki, vətənpərvərlik yalnız siyasi çağırışlarla deyil, illərlə formalaşan mənəvi tərbiyə sistemi ilə güclənir. Böyüklərin gənc nəslə aşıladığı Vətən sevgisi, milli qürur və fədakarlıq ruhu Azərbaycanın tarixi Zəfərinə aparan ideoloji dayaqlardan biri kimi təqdim olunur. Bu, ağsaqqallığın cəmiyyətdəki roluna verilən ən yüksək siyasi-mənəvi qiymətlərdən biridir. Müasir dövrdə qloballaşmanın və müxtəlif ideoloji təsirlərin milli dəyərlər üçün yaratdığı çağırışlar fonunda ağsaqqallıq institutunun əhəmiyyətinin xüsusi vurğulanması da strateji məna daşıyır. Bu, dövlətin mənəvi təhlükəsizlik məsələlərinə yanaşmasında ağsaqqalları mühüm dayaqlardan biri kimi gördüyünü göstərir. Xüsusilə sosial şəbəkələrin və yad təsirlərin artdığı şəraitdə milli köklərə bağlılığın qorunması istiqamətində bu institutun rolu daha da aktuallaşır.
 
Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı bu mənada yalnız təşkilati hadisə deyil, milli özünüdərk, ictimai həmrəylik və dövlətçilik düşüncəsinin təntənəsi kimi çıxış edir. Prezident İlham Əliyevin Şuranın fəaliyyətini yüksək qiymətləndirməsi, onun rolunun daha da güclənəcəyinə inam ifadə etməsi bu təsisatın gələcək fəaliyyətinə verilən siyasi dəstəyin açıq göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda ağsaqqallıq ənənəsi təkcə qorunmur, həm də müasir dövlət quruculuğunun mənəvi sütunlarından biri kimi inkişaf etdirilir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Şərh yaz
Şərhlər (0)