Вернуться назад Распечатать

Şahin Şirinov: Yeni tarixi missiya: şanlı Zəfərdən sülhə gedən yol

Şahin Şirinov: Yeni tarixi missiya: şanlı Zəfərdən sülhə gedən yol

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar dövlətçilik tariximizin ən parlaq səhifələrinə çevrilərək xalqımızın milli yaddaşında əbədi yaşayır. 8 Noyabr – Şuşa şəhəri günü də məhz belə əlamətdar tarixlərdən biridir. Bu gün Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin qüdrətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasi rəhbərliyinin təntənəsidir. Uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıdışımız Azərbaycanın tarixi ədaləti bərpa etmək əzminin və müstəqil dövlətimizin gücünün parlaq ifadəsidir.

Şuşa Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəniyyətinin və tarixi yaddaşının ayrılmaz hissəsidir. Qarabağın tacı adlandırılan bu qədim şəhər əsrlər boyu Azərbaycan musiqisinin, ədəbiyyatının və incəsənətinin inkişafında mühüm rol oynamışdır. Şuşanın işğalı xalqımızın yaddaşında dərin iz buraxmış, hər bir azərbaycanlının qəlbində doğma yurda qayıdış arzusu yaratmışdır. Lakin Azərbaycan dövləti heç vaxt bu həsrətlə barışmamış, torpaqlarımızın azadlığı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli birliyin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycanın artan iqtisadi və siyasi gücü, müasir silahlarla təchiz edilmiş qüdrətli ordusu gələcək Qələbəmizin əsasını təşkil etmişdir.

Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycanın haqq mövqeyini qətiyyətlə müdafiə etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinin vacibliyini daim vurğulamışdır. Dövlətimizin başçısı torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağını bəyan etmiş, Azərbaycan xalqının öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə etmişdir. Bu qətiyyətli mövqe xalqımızın inamını daha da gücləndirmiş, dövlətimizin beynəlxalq nüfuzunu artırmışdır.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixi taleyində yeni mərhələnin başlanğıcı oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad edərək tarix yazdı. Bu müharibə Azərbaycan dövlətinin hərbi qüdrətini, xalqımızın birliyini və Ali Baş Komandanın qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Hər gün əldə edilən hərbi uğurlar xalqımızı böyük Qələbəyə yaxınlaşdırırdı.

Noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsinin ən mühüm və həlledici hadisələrindən biri oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması münasibətilə xalqa müraciəti hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissi yaratdı. Prezidentimizin “Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq” fikri xalqımızın tarixi həsrətinin sona çatdığını, Azərbaycanın öz müqəddəs torpaqlarına qovuşduğunu ifadə edirdi.

Şuşanın azad olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsi idi. Şəhərin mürəkkəb relyefi və strateji əhəmiyyəti onun azad edilməsini xüsusi çətinliklərlə müşayiət edirdi. Azərbaycan əsgərlərinin misilsiz qəhrəmanlığı sayəsində Şuşa düşmən işğalından azad edildi. Bu Qələbə Azərbaycanın hərbi tarixində yeni səhifə açdı və dövlətimizin öz ərazi bütövlüyünü bərpa etmək gücündə olduğunu təsdiqlədi.

Şuşanın azad olunmasından sonra Prezident İlham Əliyevin şəhərə səfərləri və burada həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmiş, şəhərin tarixi simasının qorunması və yenidən qurulması istiqamətində mühüm qərarlar qəbul etmişdir. Şuşada aparılan bərpa işləri, tarixi abidələrin yenidən qurulması, infrastrukturun yaradılması və mədəni tədbirlərin keçirilməsi şəhərin əvvəlki şöhrətinin qaytarılmasına xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada həyata keçirilən quruculuq işləri Azərbaycanın postmüharibə dövründəki inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Şəhərin bərpası yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Burada milli-mənəvi irsimizin qorunması, mədəniyyətimizin inkişafı və gələcək nəsillərə ötürülməsi əsas məqsədlərdəndir. “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin yenidən Şuşada keçirilməsi bu qədim şəhərin mədəni həyatının dirçəlməsinin bariz nümunəsidir.

Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri, yeni yaşayış məntəqələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına göstərdiyi diqqət dövlət siyasətinin insan amilinə əsaslandığını nümayiş etdirir. Şuşanın bərpası və inkişafı Azərbaycanın gələcəyə inamla addımladığını, öz tarixi torpaqlarında yeni həyat qurduğunu göstərir.

8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının milli qürur və iftixar günüdür. Bu tarixi Qələbə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə edilmişdir. Şuşaya qayıdışımız tarixi ədalətin bərpası, milli iradəmizin təntənəsi və dövlətimizin gücünün göstəricisidir. Bu gün doğma Şuşamız yenidən Azərbaycan mədəniyyətinin, milli ruhumuzun və dövlətçilik tariximizin parlaq simvolu kimi yaşayır. Şuşanın azadlığı və dirçəlişi gələcək nəsillərə ötürüləcək ən böyük milli qürur mənbələrimizdən biridir.