
Mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.
Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.
Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.
Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim.
Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Qeyd etdiyiniz kimi, son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.
Keçən ilin avqustunda mənim Özbəkistana dövlət səfərim oldu, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri etdi. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalandı. Qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.