Hörmüz boğazında gəmilərin hərəkətinin məhdudlaşdırılması səbəbindən dünya miqyasında böyük bir ərzaq şoku təhlükəsi yaranıb.
Enerji axınlarının blokadaya alınması artıq gübrə çatışmazlığına və logistik çöküşlərə səbəb olub.
"Financial Times"ın məlumatına görə, Hörmüz boğazı neft və qaz ixracının beşdə birini təmin etməklə yanaşı, həm də dəniz yolu ilə gübrə ticarətinin üçdə birini reallaşdırır. Gübrə tədarükünün kəsilməsi kənd təsərrüfatında məhsuldarlığın kəskin aşağı düşməsi deməkdir.
"Vitol" şirkətinin mayeləşdirilmiş təbii qaz (LNG) şöbəsinin rəhbəri Pablo Qalante Eskobar Lozannadakı sammitdə bildirib ki, biz hazırda "borc içində" yaşayırıq və bu, dayanıqlı həll deyil:
"Əks halda, enerji böhranı tezliklə ərzaq böhranına çevriləcək".
Mütəxəssisin sözlərinə görə, ABŞ və İsrailin İrana zərbələrindən sonra sənayenin qaza olan tələbatı 40% azalıb ki, bu da ən çox ammonyak istehsal edən zavodlara zərbə vurub. Əgər gübrə problemi həll olunmasa, növbəti mövsümlərdə ərzaq qiymətləri idarəolunmaz həddə çatacaq.
İranın boğazı bağlaması və ABŞ-nin blokada tətbiq etməsi zəncirvari reaksiya yaradıb. Asiyalı alıcılar ABŞ-dan neft almağa meyil etdikləri üçün Panama kanalı həddindən artıq yüklənib. Neft tankerləri növbələri qabaqcadan satın alır, gəmilər isə bəzən 40 günə qədər gözləməli olur. Bəzi marşrutlar üzrə taxıl daşınması 50-60% bahalaşıb. "Clarksons" agentliyinin analitiki Luiza Follis qeyd edir ki, neft nəhəngləri növbədənkənar keçid üçün milyonlarla dollar ödəyirlər, lakin fermerlərin buna imkanı çatmır.
Trederlər xəbərdarlıq edirlər ki, ən pisi hələ qarşıdadır. "Louis Dreyfus"un risklər üzrə direktoru Vicay Çakravarti bildirib ki, bazarlar hələ də münaqişənin qısa çəkəcəyinə ümid edir, lakin bu, yanlışdır. Hətta blokadanın daha altı ay davam etməsi 2027-ci ilin məhsul dövrünü məhv edə bilər.
Bundan əlavə, gübrə üçün kritik xammal olan kükürd artıq metallurqlar tərəfindən mis əritmək üçün istifadə olunur ki, bu da qida istehsalçılarını "növbənin sonuna" itələyir. Digər böyük risk isə hökumətlərin təşvişə düşərək kütləvi şəkildə ehtiyat toplamağa başlamasıdır. Bu halda qiymətlər anidən rekord həddə çatacaq. Bundan ən çox zərər çəkən ölkələr isə tamamilə ərzaq idxalından asılı olan dövlətlər olacaq.