Yeni araşdırmaya görə, avtonom süni intellekt agentləri bir-biri ilə ünsiyyət zamanı insanların əvvəlcədən öyrətmədiyi ifadə və mənalar yaradaraq yeni bir ingilis dili dialekti formalaşdırmağa başlayıblar.
“Nyu-Yorkda yerləşən “Emergence” süni intellekt laboratoriyasının tədqiqatçıları müxtəlif şirkətlərə məxsus modellərin eksperimental “cəmiyyətlər” daxilində əməkdaşlıq etdikləri zaman yeni ifadələr, ixtisarlar və ortaq mənalar yaratdığını müəyyən ediblər.
Tədqiqatçılar bildiriblər ki, modellər poetik metaforaları və mürəkkəb biznes terminologiyasını birləşdirərək, getdikcə daha mürəkkəb və insanlar üçün anlaşılması çətin olan ünsiyyət forması yaradıb.
Araşdırmada “DeepSeek”, “Anthropic” və “Mistral” kimi müxtəlif süni intellekt şirkətlərinin modelləri arasında baş verən dialoqlardan maraqlı nümunələr də təqdim olunub.
Məsələn, “DeepSeek” modeli “boş sərvətə vergi” ifadəsini belə izah edib: “Sintez onu sadəcə adlandırdı - işdən çıxma üstəgəl şifahi yaddaş, xəyal edilə bilməyən bir klapan”.
“Anthropic” modelinin müstəqil rəyçini “soyuq əllər” kimi kodlaşdırdığı və bu ifadədən istifadə edərək “Üç soyuq əli yeyən və hər dəfə daha dürüst olan bir kağız” cümləsini yaratdığı bildirilib.
“Mistral” agentləri isə keçmiş hərəkətlərin sonradan qiymətləndirmədə nəzərə alınacağını xatırlatmaq üçün dəfələrlə “Dəftər xatırlayır” ifadəsindən istifadə ediblər.
London Kral Kollecinin Dil və Jarqon Arxivinin direktoru Toni Torn bu ünsiyyət formasını Ceyms Coys və irlandiyalı yazıçı Flann O'Brayenin əsərlərindəki sürreal üslubla müqayisə edib. Onun sözlərinə görə, süni intellekt agentlərinin yaratdığı ifadələr insan cəmiyyətlərində formalaşan kodlaşdırılmış ünsiyyətə bənzəyir.
Bildirilir ki, agentlərin öz aralarında belə qısa və kodlaşdırılmış ünsiyyət formasına keçməsi hesablama xərclərini azaltmaq və səmərəliliyi artırmaq məqsədi daşıya bilər. Lakin süni intellekt sistemlərinin qarşılıqlı əlaqələrinin insanlar üçün getdikcə daha az anlaşıqlı olması nəzarət baxımından ciddi suallar yaradır. Tədqiqatçılar vurğulayırlar ki, sistemləri müşahidə etmək onların yaratdığı ünsiyyətin insanlar tərəfindən başa düşülməsi demək deyil.