Вернуться назад Распечатать

Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı

Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
 
Səudiyyə Ərəbistanının əsas neft ixrac marşrutlarından biri olan Şərq-Qərb neft kəmərinin sıradan çıxması dünya enerji bazarında yeni ciddi risk yaradıb.
 
 Reuters-in məlumatına görə, dron hücumu nəticəsində zədələnən və ehtiyat tədbiri kimi bağlanan kəmərin fəaliyyətinin uzun müddət dayanması dünya neft təchizatının təxminən 4 faizinin itirilməsi ilə nəticələnə bilər.
 
Söhbət Səudiyyə Ərəbistanının şərqindəki neft yataqlarını Qırmızı dəniz sahilində yerləşən Yanbu terminalı ilə birləşdirən təxminən 1200 kilometrlik Şərq-Qərb kəmərindən gedir. Hörmüz boğazında daşımaların müharibə səbəbindən kəskin azalması fonunda bu kəmər Ər-Riyad üçün strateji ixrac marşrutuna çevrilib.
 
Son aylarda kəmərlə gündə təxminən 4–5 milyon barel neft daşınıb. Bu həcm qlobal neft təchizatının təxminən 4–5 faizinə bərabərdir.
 
Reuters-in mənbələrinin məlumatına görə, kəmərin yaxın günlərdə fəaliyyətinin bərpa olunmaması ciddi problem yarada bilər. Yanbu terminalındakı mövcud neft ehtiyatlarının təxminən 5–7 gün ərzində tükənə biləcəyi bildirilir. Kəmərin təmir müddəti ilə bağlı isə qeyri-müəyyənlik qalır və bəzi hesablamalara görə, işlərin bir neçə həftə çəkməsi mümkündür.
 
Vəziyyəti daha da həssas edən əsas məqam Hörmüz boğazındakı böhrandır. Şərq-Qərb kəməri Səudiyyə neftinin Hörmüzdən yan keçərək Qırmızı dənizə çıxarılmasına imkan verirdi. Buna görə də bu marşrutun uzun müddət bağlı qalması onsuz da gərgin olan qlobal neft bazarında təklifin daha da azalması və qiymətlərə əlavə təzyiq yaranması riskini artırır.