“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasındakı münasibətlərdə sualların sayı artmışdı. Hindistanın Ermənistana silah satması Azərbaycanda narahatlıq yaratmışdı. Yeni Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmasından narahat idi. Halbuki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu mənada İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil”.
Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib.
Onun fikrincə, Bakı və Yeni Dehli aralarındakı fikir ayrılıqlarını ortadan qaldırmağa həvəslidirlər:
“ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra digər ölkələrin vətəndaşları kimi, Hindistan vətəndaşlarının da bir qismi İrandan ölkələrinə Azərbaycan üzərindən təxliyə ediliblər. Martın 30-dək İrandan 196 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub. Hindistanın Bakıdakı səfirliyi İrandan Hindistan vətəndaşlarının təxliyəsində göstərilən köməyə görə Azərbaycana təşəkkürünü bildirən açıqlama yayıb. Bu açıqlamadan bir neçə gün sonra Hindistandan rəsmi heyət Bakıya gəldi.
Aprelin 3-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Eyni gündə Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İki ölkə arasında bu cür təmasların artacağını proqnozlaşdırmaq olar”.
Politoloq onu da diqqətlərə çatdırıb ki, Azərbaycan heç bir ölkə ilə münasibətlərdə gərginlik istəmir:
“Önəmli olan münasibətlərdə qarşılıqlı hörmətə əsaslanmaqdır. Misal üçün, Fransa İkinci Qarabağ müharibəsində Ermənistanı dəstəklədi, Fransa rəsmiləri və deputatları Azərbaycan əleyhinə açıqlamalar verdilər. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşdi. Halbuki, buna qədər iki ölkə arasında münasibətlər normal idi. Hazırda Paris Cənubi Qafqaz siyasətini korrektə etməyə, Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan eləcə də Hindistanla əlaqələrin əvvəlki axarına qaytarılmasında maraqlıdır. Hər iki ölkənin Qoşulmama Hərəkatının üzvü olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən, Azərbaycandan keçən nəqliyyat yolları Yeni Dehlinin də maraq dairəsindədir”.