İranın bir neçə kürd partiyasının lideri ABŞ-dan silah almaları barədə məlumatları təkzib ediblər.
Bundan əvvəl prezident Donald Tramp Vaşinqtonun kürd birləşmələri vasitəsilə iranlı etirazçılara silah ötürdüyünü bəyan edib.
Tramp "Fox News" telekanalına verdiyi müsahibəsində "Biz etirazçılara çoxlu silah göndərdik və düşünürəm ki, kürdlər onu təhvil aldılar" deyə bildirib.
Lakin Kürdüstan Azad Həyat Partiyasının (PJAK) silahlı qanadının yüksək vəzifəli fiquru Siamand Moeini bu məlumatı təkzib edib.
"Bildiyim qədər, PJAK heç nə almayıb. Digərləri barədə isə bir söz deyə bilmərəm", - deyə o, "Middle East Eye" nəşrinə bildirib.
Kürdüstan Azadlıq Partiyasının (PAK) beynəlxalq əlaqələr üzrə koordinatoru Xana Yazdanpanah isə qeyd edib ki, onların arsenalı yalnız qənimətlərdən ibarətdir:
"Bizdə hələ də İŞİD-ə qarşı beş illik müharibədən qalma köhnə Kalaşnikov avtomatları, eləcə də onların məğlubiyyətindən qalan silahlar var. Hələ ki, ABŞ-dan bir dənə də olsun silah almamışıq".
Şimali İraqda yerləşən İran Kürdüstanı Demokrat Partiyası (İKDP) da silah transferi iddialarını qəti şəkildə inkar edib.
Partiya baş katibinin müavini Mustafa Mövludi vurğulayıb ki, İraq sərhədindən silah daşınması ciddi hüquqi problemlər yarada bilər: "Silahlı şəxslərin nümayişlərə qatılması etirazın mahiyyətini dəyişərdi. Bu, etiraz deyil, müharibə olardı".
"Komala" və "Xabat" təşkilatları da Trampın sözlərindən xəbərsiz olduqlarını və ABŞ tərəfi ilə rəsmi görüşlərin keçirilmədiyini bildiriblər. Qeyd olunur ki, martın əvvəlində Tramp kürd qüvvələrini dəstəkləyəcəyini desə də, sonradan ritorikasını dəyişərək kürdlərin müdaxiləsini istəmədiyini bəyan edib.
Yaxın Şərq üzrə təhlükəsizlik eksperti Şükriyə Bradost məsələni şərh edərkən bildirib ki, etirazçıların silahla davranmaq bacarığı yoxdur və bu cür addım ancaq vətəndaş müharibəsinə səbəb ola bilər. Hazırda İrandakı münaqişə zamanı mülki şəxslərin təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumu faktı qeydə alınmayıb.