Вернуться назад Распечатать

Paşinyan: "Sentyabrda dəhşətli müharibə olacaq... Köçəryan eşşək kimi anqırsa..."

 
bu ilin 7 iyununda keçiriləcək parlament seçkiləri Ermənistanın ictimai-siyasi mühitində gərginliyi pik həddə çatdırıb. Seçki kampaniyası artıq yalnız siyasi rəqabət çərçivəsində deyil, açıq təhqir, təhdid və nifrət dili ilə müşayiət olunur.
 
Baş nazir, hakim blokun namizədi Nikol Paşinyan ilə müxalifətin, xüsusilə Rusiya yönümlü qüvvələrin əsas fiquru Robert Köçəryan arasında sözlü qarşıdurma açıq müstəviyə keçib. Tərəflər bir-birinə qarşı son dərəcə sərt və aşağılayıcı ifadələr işlətməkdən çəkinmir.
 
Robert Köçəryan Paşinyanın sosial mediada aktivliyini tənqid edərək bildirib ki, “kim eşşək kimi anğırsa, sosial mediada daha çox populyarlaşır və baxış toplayır”. Bu ifadə ilə o, faktiki olaraq Paşinyanın davranışlarını məsxərəyə qoyub.
 
Buna cavab olaraq Nikol Paşinyan daha sərt ritorika seçib. O, Köçəryanı istehza ilə sosial mediada “eşşək kimi anğırmağa” çağıraraq, bunun heç bir ciddi maraq doğurmayacağını bildirib. Paşinyanın sözlərinə görə, bu, Köçəryanın aşağı reytinqinin və ictimai nüfuzunun zəifliyinin göstəricisidir.
 
Seçki kampaniyasının diqqət çəkən digər məqamı isə Paşinyanın təhlükə ritorikası olub. O, açıq şəkildə bəyan edib ki, əgər Robert Köçəryan və Rusiya yönümlü qüvvələr hakimiyyətə gəlsə, sentyabr ayında “dəhşətli müharibə” başlaya bilər və bu, Ermənistan üçün fəlakətli nəticələr doğura bilər.
 
Beləliklə, Ermənistanda seçki mühiti getdikcə daha aqressiv və nəzarətdən çıxan bir mərhələyə daxil olur. Siyasi debatlar proqram və ideyalar üzərindən deyil, qarşılıqlı ittihamlar və şəxsi hücumlar üzərində qurulur.
 
Musavat.com mövzu ilə bağlı BBC-nin Azərbaycan dilində hazırladığı video reportajı da oxucularına təqdim edir.